“Süni intellekt patent hüququnda ixtiraçı kimi tanına bilərmi?” mövzusunda 22 fevral 2026-cı il tarixində ADA Universitetinin Baş müəllimi Elnur Kərimov tərəfindən forum keçirilmişdir.
İlk olaraq auditoriyaya “DABUS” adlı süni intellekt sisteminin iş prinsipi və təyinatı haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, “DABUS” Stephen Thaler tərəfindən yaradılmış və insan müdaxiləsi olmadan ixtira formalaşdırmaq qabiliyyətinə malik süni intellekt sistemidir. Sistem təkan–destabilizasiya–rekombinasiya–stabilizasiya mərhələləri vasitəsilə müxtəlif anlayışlar arasında əlaqələri müəyyənləşdirərək yeni ixtiralar meydana gətirə bilir.
Bununla yanaşı, Stephen Thaler bu sistem tərəfindən yaradıldığı iddia olunan iki ixtira üçün Avropa Patent Ofisinə müraciət etmişdir. Müraciətdə ixtiraçı qismində öz adını deyil, “DABUS” adlı süni intellekt sistemini göstərmişdir. Onun fikrincə, bu sistem insan beyninin müəyyən etməsinin mümkün olmadığı, hətta ən zəif əlaqələri belə müəyyənləşdirərək yeni ixtiraların yaranmasına şərait yaradır.
Məsələnin mahiyyəti izah edildikdən sonra auditoriya ilə süni intellektin ixtiraçı qismində tanınmasının mümkün olub-olmaması barədə müzakirə aparılmışdır. Müzakirə zamanı fikirlər əsasən iki istiqamətdə formalaşmışdır.
Birinci mövqeyə görə, süni intellektin ixtiraçı kimi tanınması mümkün deyil. Belə ki, patent hüququnun əsas məqsədi cəmiyyət üçün faydalı ixtiraların yaradılmasına şəxsləri təşviq etmək və onlara maddi stimullar yaratmaqdır. Süni intellekt isə belə stimullara ehtiyac duymadığından onun ixtiraçı kimi tanınması patent hüququnun mahiyyəti ilə uyğun gəlmir. Bundan əlavə, əgər süni intellekt ixtiraçı hesab olunarsa, onun hüquqlarını başqa şəxsə ötürməsi üçün mülkiyyət hüququna malik olması tələb olunur. Süni intellekt hüquqi şəxs sayılmadığından bu cür hüquqlara malik ola bilməz və bu səbəbdən onun ixtiraçı kimi tanınması hüquqi baxımdan əhəmiyyət daşımır.
İkinci mövqenin tərəfdarları isə fərqli arqumentlər irəli sürmüşdürlər. Onların fikrincə, süni intellektin ixtiraçı kimi göstərilməməsi ixtiranın real mənşəyinin gizlədilməsi və cəmiyyətin bu barədə məlumat almaq hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilə bilər. Bundan əlavə, süni intellektin ixtiraçı kimi tanınmaması bu sahəyə yönələn investisiyaların azalmasına səbəb ola bilər.
Əlavə olaraq, patent hüququnda ixtiraçını müəyyən edən əsas meyar ixtira ideyasının kim tərəfindən formalaşdırılmasıdır. Əgər ideya insan tərəfindən deyil, süni intellekt sistemi tərəfindən yaradılıbsa, həmin şəxsin məsələn, Stephen Thaler-in ixtiraçı kimi göstərilməsi də mübahisəli hesab edilə bilər.
Sonda təqdimatçı patent hüququnun iqtisadi, şəxsiyyət və əmək nəzəriyyələrini izah etmiş və mövcud beynəlxalq təcrübədə süni intellektin müstəqil “ixtiraçı” statusunun tanınmadığını qeyd etmişdir. Bildirilmişdir ki, hazırkı hüquqi yanaşmaya əsasən patent hüququnda ixtiraçı kimi yalnız insan tanına bilər və süni intellekt isə yalnız ixtiranın yaradılmasına kömək edən texnoloji vasitə kimi qiymətləndirilir.



