““Akademik nəşrlərə əlçatanlıq problemi: nəşriyyatların qiymət siyasətində əqli mülkiyyət hüququnun rolu” mövzusunda 6 oktyabr 2025-ci il tarixində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin 4-cü kurs tələbəsi Sezər Allahverdiyev tərəfindən forum keçirilmişdir.
Forum zamanı akademik nəşrlərə əlçatanlıq problemi geniş şəkildə müzakirə olunub. Qeyd edilib ki, bu problem, əsasən, nəşriyyatların yüksək qiymət siyasəti və müəlliflik hüquqlarının qorunması ilə bağlı mexanizmlərdən qaynaqlanır. Əvvəlcə problemin iqtisadi tərəfi açılıb. Belə ki, böyük akademik nəşriyyatlar (məsələn, Elsevier, Springer Nature, Wiley) bazarda oligopol mövqe tutur. Bu nəşriyyatlar elmi jurnalların böyük hissəsinə nəzarət edir və abunə qiymətlərini yüksək səviyyədə saxlayır. Bildirilib ki, bu səbəbdən informasiyaya çıxış ilə iqtisadi maraqlar arasında balansın qorunması getdikcə çətinləşir və bu, xüsusilə tələbə və tədqiqatçılar üçün ciddi maneələr yaradır.
Müzakirələrdə problemin əsas tərəfləri kimi nəşriyyatlar, müəlliflər və oxucular vurğulanıb. Qeyd olunub ki, nəşriyyatlar gəlir əldə etməyə çalışdığı halda, müəlliflər öz hüquqlarını qorumaqda maraqlıdır, oxucular isə elmi resurslara sərbəst çıxış əldə etmək istəyir. Bu ziddiyyətlərin akademik tədqiqatların yayılmasına mənfi təsir göstərdiyi diqqətə çatdırılıb.
Forumda məsələnin hüquqi tərəfi də təhlil olunub. Bildirilib ki, Bern Konvensiyası müəlliflərə əsərlərinin çoxaldılması üzərində müstəsna hüquqlar verir və bu, beynəlxalq səviyyədə əsas hüquqi baza rolunu oynayır. Eyni zamanda, milli qanunvericilik çərçivəsində müəlliflərin iqtisadi hüquqlarının qorunduğu qeyd edilib. Bununla yanaşı, “fair use” prinsipi çərçivəsində təhsil və tədqiqat məqsədli istifadənin müəyyən hallarda mümkün olduğu vurğulanıb.
Məhkəmə təcrübəsinə toxunularaq bir neçə iş müzakirə edilib. Xüsusilə Elsevier Inc. v. Sci-Hub işində müəllif hüquqlarının pozulması məsələsinin ön plana çıxdığı, University of Oxford v. Rameshwari Photocopy Services işində isə təhsil məqsədli istifadənin müəyyən həddə qədər ədalətli sayıldığı qeyd olunub. Bu nümunələrin hüquq və ictimai maraqlar arasında balansın necə qurulduğunu göstərdiyi bildirilib.
Forumda problemin mümkün həll yolları da diqqət mərkəzində olub. İştirakçılar tərəfindən “Open Access” modelinin əhəmiyyəti vurğulanıb və bu modelin akademik nəşrlərə daha geniş çıxış imkanı yaratdığı qeyd edilib. Həmçinin “yaşıl”, “qızıl” və “almas” yollar kimi alternativ yanaşmaların da mövcud olduğu və onların müxtəlif maliyyələşmə mexanizmləri vasitəsilə biliklərin yayılmasına töhfə verdiyi bildirilib.
Sonda qeyd olunub ki, akademik nəşrlərə əlçatanlıq problemi kompleks xarakter daşıyır və onun həlli üçün həm hüquqi, həm də institusional səviyyədə balanslı yanaşmaya ehtiyac var.



