“Ölümdən sonra rəqəmsal hüquqlar: mülkiyyət və məxfilik arasında” mövzusunda 12 oktyabr 2025-ci il tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin hüquqşünası Gülçin Məmmədyarova tərəfindən forum keçirilmişdir.
Təqdimat zamanı ilk olaraq “rəqəmsal miras” anlayışı izah edilmiş və bu anlayışın yalnız sosial media hesabları ilə məhdudlaşmadığı vurğulanmışdır. Qeyd olunmuşdur ki, rəqəmsal mirasa, həmçinin bulud yaddaşında saxlanılan məlumatlar, elektron poçt hesabları, kriptovalyutalar və domen adları da daxildir.
Təqdimatçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 115.1-ci maddəsinə istinad edərək bildirmişdir ki, miras əmlakı miras qoyanın vəfat etdiyi ana qədər malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) məcmusundan ibarətdir. Bu kontekstdə rəqəmsal mühitdə miras aktivi və miras passivi anlayışlarının məzmunu ayrıca izah edilmişdir. Belə ki, rəqəmsal valyutalar, domen adları, sosial media və bulud hesabları miras aktivlərinə aid edilir, həmin aktivlərlə bağlı mövcud öhdəliklər isə miras passivi hesab olunur.
Eyni zamanda Mülki Məcəllədə təsbit edilmiş “şəxsi xarakterli hüquq və vəzifələrin vərəsəlik qaydasında ötürülməsinin yolverilməzliyi” maddəsi xüsusi vurğulanmışdır. Bu norma rəqəmsal aktivlərin hüquqi statusunun müəyyənləşdirilməsində mühüm əhəmiyyət kəsb edir.
Daha sonra rəqəmsal aktivlərin ənənəvi miras obyektlərindən əsas fərqləri izah edilmişdir. Bildirilmişdir ki, rəqəmsal aktivlər əhatə dairəsinə görə daha genişdir və fiziki əşyalardan fərqli olaraq, əksər hallarda mülkiyyət hüququ deyil, yalnız istifadə hüququ əsasında təqdim olunur. Bu səbəbdən həmin hüquqlar şəxsin vəfatından sonra avtomatik şəkildə vərəsələrə keçməyə bilər. Bundan əlavə, rəqəmsal aktivlərə giriş çox vaxt üçüncü tərəflər, yəni platforma və xidmət təminatçıları tərəfindən idarə olunur və vərəsələrin hesablara çıxışı xidmət şərtlərindən asılı olur.
Qeyd edilmişdir ki, şəxs onlayn bank hesabına və ya rəqəmsal valyuta cüzdanına malik olduqda, onun vəfatından sonra bu əmlakın miras tərkibinə daxil edilməsi üçün giriş məlumatlarının vərəsələrə ötürülməsi zərurəti yarana bilər. Lakin bu vəziyyət mərhumun məxfilik hüququ ilə vərəsələrin mülkiyyət hüququ arasında hüquqi ziddiyyətə səbəb olur.
Bu kimi problemlərin qarşısının alınması məqsədilə təqdimatçı “rəqəmsal vəsiyyət” institutunu mümkün həll yolu kimi təqdim etmişdir. Rəqəmsal vəsiyyət vasitəsilə şəxs sağlığında öz rəqəmsal aktivləri barədə konkret göstərişlər verə və onların gələcək taleyini müəyyən edə bilər. Həmçinin vurğulanmışdır ki, bir çox platformalar hesablara girişə yalnız məhkəmə qərarı və ya əvvəlcədən müəyyən edilmiş vərəsəlik planı əsasında icazə verir.
Sonda isə forum çərçivəsində milli və beynəlxalq qanunvericilikdə mövcud tənzimləmələr və hüquqi boşluqlar da təhlil edilmişdir. Azərbaycan Respublikasının “Fərdi məlumatlar haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlarına əsaslanaraq şəxsin vəfatından sonra məlumatların işlənməsi qaydaları və tətbiq olunan vaxt məhdudiyyətləri izah olunmuşdur. Bundan əlavə, beynəlxalq təcrübədə rəqəmsal aktivlərə girişin üçpilləli iyerarxiyası (istifadəçinin onlayn alətlər vasitəsilə verdiyi göstərişlər, vəsiyyətnamə və xidmət şərtləri) geniş şəkildə şərh edilmişdir.



