Rəqəmsal dövrdə vergi cinayətlərinin əlamətləri: hüquqi tənzimləmə və texnologiyanın toqquşması

Seyidbyim

“Rəqəmsal dövrdə vergi cinayətlərinin əlamətləri: hüquqi tənzimləmə və texnologiyanın toqquşması” mövzusunda 26 oktyabr 2025-ci il tarixində Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin müstəntiqi Seyidbəyim Hüseynova tərəfindən forum keçirilmişdir.

İlk olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsi çərçivəsində vergilərin, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının ödənilməsindən yayınma cinayətinin hüquqi tərkibi izah edilmiş, bu əməllərin xeyli, külli və xüsusilə külli miqdarda törədilməsi halları açıqlanmışdır.

Daha sonra müasir dövrdə vergi cinayətlərinin əsas əlamətləri təqdim edilmişdir. Bu çərçivədə elektron kommersiya gəlirlərinin gizlədilməsi və ya düzgün bəyan edilməməsi, şəxsiyyət məlumatlarının oğurlanması (“identity theft”), ofşor zonalar və “shell” şirkətlərdən istifadə, kriptovalyuta əməliyyatları vasitəsilə gəlirlərin gizlədilməsi, həmçinin internet üzərindən qumar və mərc oyunlarından əldə olunan gəlirlərin bəyan edilməməsi kimi halların geniş yayıldığı vurğulanmışdır.

Təqdimatda vergi cinayətləri ilə mübarizədə beynəlxalq praktikada qəbul edilmiş “10 qlobal prinsip” də izah edilmişdir. Bu prinsiplər sırasında vergi hüquqpozmalarının kriminallaşdırılması, vergi cinayətlərinin aradan qaldırılması üçün effektiv strategiyaların hazırlanması, aktivlərin dondurulması və müsadirəsi imkanlarının təmin edilməsi, qurumlararası və beynəlxalq əməkdaşlığın gücləndirilməsi, eləcə də şübhəli şəxslərin hüquqlarının qorunması xüsusi yer tutmuşdur. Həmçinin vergi cinayətlərinin çirkli pulların yuyulması üçün predikativ cinayətlərdən biri kimi tanınmasının əhəmiyyəti qeyd edilmişdir.

Bununla yanaşı, vergi hüquqpozmalarının qarşısının alınmasında “çəkindirmə” metodlarının rolu müzakirə edilmişdir. Effektiv cəza siyasəti, şəffaflığın artırılması, məlumat mübadiləsi, “whistleblower” mexanizmləri və “naming and shaming” yanaşmasının tətbiqi preventiv vasitələr kimi təqdim olunmuş, bu metodların hüquqi və etik nəticələri də qiymətləndirilmişdir.

Təqdimatın növbəti hissəsində rəqəmsal mühitdə vergi cinayətlərinin istintaq xüsusiyyətləri izah edilmişdir. Bank sənədlərinin əldə edilməsi, telefon danışıqlarının və elektron qurğuların araşdırılması, IP ünvan məlumatlarının müəyyənləşdirilməsi, eləcə də elektron imza vasitələrinin istifadəsinin texniki izlənməsi kimi sübut toplama üsullarının əhəmiyyəti vurğulanmışdır.

Sonda isə kazus əsasında süni intellekt əsaslı vergi köməkçisi vasitəsilə hazırlanmış bəyannamədə səhvlərin yaranması halı müzakirə edilmiş və belə vəziyyətlərdə vergi ödəyicisinin cinayət məsuliyyətinin müəyyən edilməsində niyyət elementinin qiymətləndirilməsinin vacibliyi göstərilmişdir. Bu nümunə rəqəmsal texnologiyaların istifadəsi zamanı hüquqi məsuliyyət sərhədlərinin yenidən nəzərdən keçirilməsinin aktuallığını nümayiş etdirmişdir.

Ümumilikdə təqdimatda rəqəmsal transformasiyanın vergi cinayətləri sahəsində yaratdığı yeni çağırışlar, hüquqi tənzimləmə ehtiyacları və texnologiya ilə hüquq arasındakı balansın qorunmasının zəruriliyi vurğulanmışdır.