“Süni intellekt müqavilə bağlaya bilərmi?” mövzusunda 1 mart 2026-cı il tarixində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin 2-ci kurs tələbəsi Nihat Şahmuradov tərəfindən forum keçirilmişdir.
Təqdimat iştirakçıların müqavilənin etibarlılıq şərtləri ilə bağlı fikirlərinin müzakirəsi ilə başlamış, daha sonra Azərbaycan Respublikasının qanunvericiliyində müqavilənin etibarlılığı üçün nəzərdə tutulmuş müvafiq şərtlər təqdim edilmişdir.
Forumun əsasını təşkil edən məhkəmə işinə keçməzdən əvvəl Ceyms Skott Kumberlend Reydin irəli sürdüyü “obyektiv müqavilə” nəzəriyyəsi müzakirə olunmuşdur. Bu nəzəriyyəyə görə, müqavilənin etibarlı hesab edilməsi üçün tərəflər arasında oferta və aksept mövcud olmalı, həmçinin bu prosesdə tərəflərin davranışı ağlabatanlıq meyarına uyğun qiymətləndirilməlidir.
Daha sonra müqavilə münasibətlərində alqoritmlərin rolu izah edilmişdir. Qeyd olunmuşdur ki, müasir dövrdə müqavilə proseslərinin avtomatlaşdırılması üçün müxtəlif alqoritmlərdən geniş istifadə olunur. Buna nümunə kimi “milyonluq kitab” hadisəsi göstərilmişdir. Belə ki, Amazon platformasında iki satıcı eyni kitabın qiymətini alqoritmlərlə bir-birindən asılı hala salmışdır. Nəticədə alqoritmlərin bir nəşrin qiyməti yüksəlincə digəri də artdığından kitabın qiyməti avtomatik olaraq milyon dollar səviyyəsinə çatmışdır.
Bununla yanaşı, süni intellekt və alqoritmlərin müqavilələrdəki rolu arasındakı fərq də açıqlanmışdır. Bildirilmişdir ki, alqoritmlər əvvəlcədən müəyyən edilmiş qaydalar əsasında fəaliyyət göstərdiyi halda, süni intellekt sistemlərinin davranışı müəyyən dərəcədə təxminedilməz ola bilər.
Daha sonra süni intellektin müqavilə münasibətlərində istifadəsi kontekstində “Quoine Pte Ltd v. B2C2 Ltd” işi təqdim olunmuşdur. İşin mahiyyətinə görə, tərəflər kriptovalyutanın alqı-satqısını süni intellekt sistemləri əsaslanan alqoritmlər vasitəsilə həyata keçirmiş, lakin baş vermiş texniki xəta nəticəsində tərəflərdən biri üçün əlverişsiz şərtlərlə müqavilə bağlanmışdır.
Məhkəmə qərarı müzakirə edilməzdən əvvəl müqavilə hüququnda süni intellektə yanaşma modelləri nəzərdən keçirilmişdir. Bu çərçivədə süni intellektin alət kimi qəbul edilməsi, hüquq subyekti kimi tanınması və ya konstruktiv agent kimi qiymətləndirilməsi ilə bağlı iştirakçılar arasında fikir mübadiləsi aparılmışdır.
Sonra məhkəmənin qərarı təqdim edilmişdir. Qərara əsasən, Sinqapur Beynəlxalq Ticarət Məhkəməsi müqaviləni etibarlı hesab etmiş və süni intellekti alqoritm, yəni əşya kimi qiymətləndirmişdir.
Mövzunun davamı olaraq “Citizens United v. Federal Election Commission” işi və ABŞ Ali Məhkəməsinin 2014-cü il qərarı nümunə kimi təqdim olunmuşdur. Bu qərar vasitəsilə korporasiyaların və həmkarlar ittifaqlarının hüquq subyekti kimi tanınması, eləcə də onların müəyyən fundamental hüquqlardan, məsələn, dini etiqad azadlığından istifadə etməsi məsələsi izah edilmişdir. Bu kontekstdə qeyd olunmuşdur ki, analoji hüquqi fiksiya yanaşması süni intellektə də tətbiq edilə bilər. Belə yanaşma, süni intellektin yalnız alət kimi qiymətləndirilməsi nəticəsində yarana biləcək məsuliyyətdən yayınma hallarının qarşısını almağa kömək edə bilər.
Forumun yekun hissəsində Avropa Parlamentinin 2017-ci ildə qəbul etdiyi “Robototexnika üzrə Mülki Hüquq Qaydaları” adlı qətnamədə süni intellektə münasibətə də toxunulmuşdur. Qətnaməyə görə, süni intellekti insanla eyniləşdirmək üçün hər hansı ontoloji əsas mövcud deyil. Bu yalnız o halda mümkün ola bilər ki, süni intellekt tam özünümüəyyənetmə azadlığına malik olsun.
Süni intellektin özünümüəyyənetməsinə dair “Moltbook” platforması da nümunə kimi göstərilmişdir. Bildirilmişdir ki, bu platformada süni intellekt agentləri bir-biri ilə ünsiyyət qurur, müzakirələr aparır və bunun üçün hər hansı bir göstərişə ehtiyac duymurlar.
Forumun yekununda “konstruktiv agent” yanaşması vurğulanmış və belə nəticəyə gəlinmişdir ki, süni intellekt nə tam hüquqi şəxs, nə də sadə alət kimi qiymətləndirilməlidir. Daha məqsədəuyğun yanaşma onun müqavilə hüququ çərçivəsində konstruktiv agent kimi qəbul edilməsi və məhdud hüquqi şəxsiyyətə malik olmasıdır. Bu yanaşma həm hüquqi boşluqların aradan qaldırılmasına, həm də məsuliyyətdən yayınma hallarının qarşısının alınmasına xidmət edə bilər.



