Maddi ədalətlə prosessual formanın çəkişməsi: prosessual əsaslarla çıxarılmış məhkəmə qərarları

Untitled-1

“Maddi ədalətlə prosessual formanın çəkişməsi: prosessual əsaslarla çıxarılmış məhkəmə qərarları” mövzusunda 8 mart 2026-cı il tarixində Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi Sevinc Hüseynzadə tərəfindən forum keçirilmişdir.

Forum “ədalət mühakiməsi” anlayışının Azərbaycan Respublikasının Konstitusiyası və Avropa İnsan Hüquqları Konvensiyası çərçivəsində təhlili ilə başlamışdır. Bununla yanaşı, auditoriyanın ədalət mühakiməsinin mahiyyəti və xüsusiyyətləri barədə fikirləri öyrənilmişdir.

Müzakirələr zamanı vurğulanmışdır ki, bəzi hallarda cinayət mühakimə icraatında məhkəmə qərarları işə mahiyyəti üzrə baxılmadan, prosessual əsaslarla qəbul olunur. Bu əsaslara müddətin ötməsi, aidiyyət məsələləri, konstitusion hüquq və azadlıqların pozulması, dövlət orqanlarının qeyri-hüquqi hərəkətləri, məhkəmə prosedur qaydalarının pozulması və digər hallar daxildir.

Qeyd edilmişdir ki, maddi əsaslarla qəbul edilən qərarlar işin mahiyyəti üzrə həllini əks etdirdiyi halda, prosessual əsaslarla çıxarılan qərarlar daha çox icraat zamanı yol verilmiş pozuntuların nəticəsi kimi formalaşır. Bu isə praktikada maddi ədalət ilə prosessual qaydalar arasında hansına prioritet verilməli olduğunu mübahisəli edir.

Müqayisəli hüquqi təhlil vasitəsilə müxtəlif məhkəmə instansiyalarının yanaşmaları nəzərdən keçirilmişdir. Belə ki, Beynəlxalq Cinayət Məhkəməsi işlərə mahiyyəti üzrə baxılmasının prosessual qaydalar üzərində üstünlüyünü vurğulayır. Avropa İnsan Hüquqları Məhkəməsi isə prosessual əsaslarla qəbul edilmiş qərarların da hüquqi qüvvəsini tanıyır və dövlət orqanlarının səhvlərinin təqsirləndirilən şəxsin əleyhinə istifadə edilməməli olduğunu qeyd edir.

ABŞ Ali Məhkəməsinin mövqeyinə əsasən, bəraət hökmü, hətta prosessual pozuntular nəticəsində qəbul edilsə belə, mübahisələndirilə bilməz. Eyni zamanda vurğulanır ki, hökumət ittihamı sübut etmək vəzifəsini yerinə yetirə bilmədiyi hallarda həmin şəxsin yenidən mühakimə olunmasına yol verilmir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, hər bir prosessual pozuntuya görə də ittiham hökmünün ləğvi ictimai təhlükəli əməllərin cəzasız qalmasına səbəb ola bilər.

Sonda qeyd olunmuşdur ki, belə qərarların ədalətliliyinin qiymətləndirilməsi zamanı yalnız ümumi hüquqi prinsiplər deyil, həm də dövlətlərin daxili qanunvericiliyi və suveren məhkəmə sistemlərinin xüsusiyyətləri nəzərə alınmalıdır.